Bu gün ictimai proseslərin böyük hissəsi məhz rəqəmsal mühitdə baş verir. Media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir. Rəqəmsal inkişaf isə medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır.
Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.
O qeyd edib ki, bu dəyişikliklər fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb. “Mərhələdə əsas yanaşma ayrı-ayrı layihələrdən vahid və proaktiv sistemə keçiddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Məhz bu səbəbdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq bizim əsas hədəfimiz medianın və ictimaiyyətin səmərəli fəaliyyət göstərə biləcəyi rəqəmsal magistral qurmaqdır. Həmçinin rəqəmsal platformalarda gedən proseslərin manipulyasiyalardan qorunması, güclü kibermüdafiə sistemlərinin tətbiqi əhəmiyyətlidir. Bizim işimiz bu proseslərin getdiyi platformaların texnoloji suverenliyinin təmin edilməsidir”, - deyə nazir müavini bildirib.
ZÜMRÜD