Xaqani Cəfərli: "ABŞ-ın tətbiq etdiyi blokada və məhdudiyyətlər davam edəcəyi halda İran iqtisadiyyatının tamamilə çökməsi ehtimalı çox yüksəkdir"
Tramp Fox News-a müsahibəsində İranın neft infrastrukturunun 3 gün ərzində "partlaya" biləcəyini söylədi - blokada davam edərsə, boru kəmərlərindəki təzyiq artacaq və sistem daimi zərər görəcək.
Lakin ekspertlər bu iddianı rədd etdi. Mütəxəssislər bildirdi ki, İranın saxlama çənlərində hələ ən azı 26 günlük boş yer var. Bu da ona imkan verir ki, neft istehsalını tədricən azaltsın və heç bir partlama olmadan vəziyyəti idarə etsin. Üstəlik, İran blokadaya hazırlaşmışdı - Venesuela nümunəsindən dərs almışdılar.
İranın blokada zonasının şərqindəki tankerlərdə 120 milyon barrel neft var ki, bu Çin də daxil olmaqla müştərilərə çatdırıla bilər — bu, təxminən iki aylıq gəlirə bərabərdir.
Yəni Trampın "3 gün" iddiası texniki cəhətdən yanlış idi. Ekspertlərə görə bu İranı danışıq masasına məcbur etmək üçün bir təzyiq taktikası idi. "Sual budur ki, kimin "yaşam müddəti" daha uzundur - Trampın, yoxsa İranın" deyən analitiklər qeyd edir ki, blokada hər gün qlobal iqtisadiyyata zərər vurduqca ABŞ üzərindəki təzyiq də artır.
Tramp bazar günu demişdi ki, İranın 3 günü var və 3 gün sonra ölkənin bütün neft boruları və çənləri dolub partlatacaq. Artıq 5 gün keçdi, hələ belə bir böhran müşahidə edilmir. Demək olarmı ki, bu dəfə də ABŞ xüsusi xidmət orqanları Trampı aldatdı?
Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın tətbiq etdiyi blokada sayəsində İranın neft infrastrukturunun üç gün ərzində "partlaya" biləcəyi haqqında Donald Trampın fikirlərinin ABŞ kəşfiyyat idarələrinin xüsusi məlumatlarına əsaslandığını düşünmür.
"Əksinə, qənaətimcə, bu, Trampın özünün İranın vəziyyətinin ağır olduğunu ifadə etmək üçün işlətdiyi fikirdir. ABŞ-da xüsusi xidmət orqanı bir idarədən, agentlikdən ibarət olmadığı üçün dövlət başçısının aldadılması, həm də cəmi üç gün sonra üzə çıxacaq bir yalanla aldatması qeyri-mümkündür”, - deyə politoloq vurğulayıb.
Xaqani Cəfərli qeyd edib ki, ABŞ-ın tətbiq etdiyi blokada və İranın özünün bir çox məhdudiyyətləri həqiqətən ağır nəticələr doğurmaqdadır.
“Məsələn, ABŞ-ın tətbiq etdiyi blokada və İranın özünün bir çox məhdudiyyətləri nəticəsində bir milyondan artıq iş yeri bağlanıb. Bu isə dərin sosial-iqtisadi böhranı kəskinləşdirir. Blokada və məhdudiyyətlərin davam edəcəyi halda İran iqtisadiyyatının tamamilə çökməsi, dayanması ehtimalı çox yüksəkdir”, - deyə o, əlavə edib.
Dəniz NƏSİRLİ