Qulamhüseyn Əlibəyli: “İttihamın həssaslığını nəzərə alsaq, Senatda məsələnin səsvermə mərhələsinə qədər...”
Ceffri Epşteynin kiçik qardaşı Mark Epşteyn ABŞ prezidenti Donald Trampın yalan danışdığını bəyan edib: “Onlar çox yaxın idilər. Bir-birlərinin təyyarələrində uçurdular. Donald Tramp dəfələrlə Ceffrinin ofisində olub. Orada Trampı gördüklərini təsdiqləyə biləcək çoxlu şahidlər var. Onun niyə birdən-birə orada heç vaxt olmadığını deməyə başladığını bilmirəm. Bu, sadəcə ağ yalandır. O, belə deyəndə qulaqlarıma inanmadım, axı bunu təkzib etmək çox asandır”.
Deyəsən bu gedişlə Trampın impiçmenti qaçılmaz olacaq. Çünki İran müharibəsi bir ara Epişteyn məsələsini arxa plana atdı, amma tam gündəmdən çıxara bilmədi. Ümumən, Trampla bağlı impiçment məsələsi nə dərəcədə realdır?
Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli baki-xeber.com-a açıqlamasında bildirdi ki, ABŞ-da impiçment proseduru federal səviyyədə prezidentə, vitse-prezidentə, nazirlərə, digər idarələrin rəhbərlərinə, səfirlərə, hakimlərə münasibətdə tətbiq oluna bilən və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş siyasi-hüquqi mexanizmdir: “İmpiçment prosesinin başlanması üçün əsas həmin şəxslər tərəfindən guya dövlətə xəyanət, rüşvət alma, digər ağır və az ağır cinayətlərinin törədilməsi ola bilər. İmpiçment haqqında təşəbbüsə əvvəlcə Nümayəndələr Palatasının ədliyyə daimi komitəsində baxılır. Komitə irəli sürülən ittihamı “impiçment maddələri” formasında müəyyən edir. İmpiçment maddələri daha sonra Nümayəndələr Palatasında müzakirə olunur və sadə səs çoxluğu ilə təsdiq edilərsə, baxılmaq üçün Senata verilir. Senatda məsələyə baxmazdan əvvəl senatorlar hakim qismində and içirlər. Prezidentin impiçmenti haqqında məsələyə baxarkən Senatda Ali Məhkəmənin Baş hakimi sədrlik edir. Senat gizli səsvermə yolu və iştirak edənlərin 2/3 hissəsinin səs çoxluğu ilə impiçment maddələrinin hər biri üzrə qərar qəbul edir. Tələb olunan səs çoxluğu ilə impiçmentin bütün maddələri üzrə ittiham təsdiq olunarsa, həmin şəxs vəzifədən kənarlaşdırılır. Bundan sonra adi qayda üzrə cinayət işinin istintaqı başlaya və həmin şəxs məhkəməyə verilə bilər. Qeyd etmək lazımdır ki, ABŞ prezidentlərinə münasibətdə impiçment proseduru nadir hallarda baş verib. Onlardan yalnız 4-ü Senatda səsvermə ilə nəticələnmiş və hamısında prezidentlər bəraət almışdır. Sonuncu 2 cəhd 2019 və 2021-ci illərdə Donald Trampa qarşı olmuş və nəticədə Tramp Senatdakı səsvermənin hər ikisində irəli sürülən ittihamlar üzrə bəraət almışdır. Hazırda Tramp barədə 3-cü dəfə impiçment prosedurana başlamaq məsələsi aktuallaşır. İttihamın həssaslığını nəzərə alsaq, Senatda məsələnin səsvermə mərhələsinə qədər gələ biləcəyini güman etmək olar. Səsvermənin nəticələri isə həmin vaxt Senatda qüvvələr nisbətindən asılı olacaq”.
Vidadi ORDAHALLI