İran rəsmiləri dünyanın neft ticarətinin mərkəzi olan Hörmüz boğazını bağlı saxlamağa davam edərkən, Yəməndəki husi müttəfiqləri vasitəsilə atılacaq yeni bir addımın anonsunu veriblər. Açıqlamada husilərin Qırmızı dənizin giriş qapısı olan Bab əl-Məndəb boğazını da nəqliyyat üçün bağlayacağı bildirilir.
Bu vəziyyət qlobal enerji təchizatında ən vacib iki nöqtənin eyni vaxtda bağlanması riskini yaradıb. Strateji su yollarının bağlanması ehtimalı dünya bazarlarında böyük narahatlıq doğurub. Ekspertlər bunun neft qiymətlərinin kəskin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Həm Fars körfəzində, həm də Qırmızı dənizdə yaranan bu tıxac təkcə enerji daşınmasını deyil, Asiya ilə Avropa arasında ümumi ticarəti də dayandıra bilər. Qlobal iqtisadiyyat tarixinin ən böyük logistika böhranlarından biri ilə üzləşə bilər.
Digər tərəfdən, İran millət vəkili və İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Həzrian bildirib ki, Yəmən Silahlı Qüvvələri bu yaxınlarda Bab əl-Məndəb boğazını blokadaya almaq üçün təlimlər keçirib və artıq boğazın bağlanması üçün hazırlıqlar başa çatıb.
Qırmızı dənizi Ədən körfəzi (və dolayısı ilə Hind okeanını) ilə birləşdirən Bab əl-Məndəb boğazı qlobal ticarət və enerji təchizatı təhlükəsizliyi baxımından dünyanın ən vacib "boğazlarından" biridir. Süveyş kanalı vasitəsilə Avropa və Asiya arasında dəniz nəqliyyatı üçün əsas qapı sayılan bu boğaz hər il minlərlə neft tankeri və konteyner gəmisinə ev sahibliyi edərək, dünya xam neft ticarətinin təxminən 10%-i üçün tranzit marşrutunu təşkil edir. Geosiyasi cəhətdən Afrika Buynuzu ilə Ərəbistan yarımadası arasında yerləşən bu strateji keçid, hər hansı bir tıxanma və ya təhlükəsizlik böhranı vəziyyətində qlobal təchizat zəncirlərində böyük axsamalara və enerji qiymətlərində kəskin dalğalanmalara səbəb olmaq potensialına malikdir. Bölgə məhz buna görə, böyük dövlətlərin hərbi və diplomatik marağının mərkəzində qalmaqda davam edir.
Tahir TAĞIYEV