Abutalıb Səmədov: “Sərhədlərin delimitasiya və demarkasiya prosesini bir az da sürətləndirəcək”
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on üçüncü iclasında tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.
Layihədə əks olunan maddələrdən biri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat"dır.
Azərbaycan-Ermənistan dövlət sərhəddinin delimitasiya xəritəsinin hazırlanması barədə təlimatın hazırlanması hansı suallara cavab verəcək? Bu, mübahisəli yerlərin delimitasiya prosesinin mümükün qədər tez aparılmasına necə təsir göstərəcək?
“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, delimitasiya məsələləri barədə yeni təlimatların qəbul olunması şübhəsiz, bu prosesə öz müsbət təsirini göstərəcək. “Ancaq konkret olaraq mübahisəli ərazilərlə bağlı məsələlər bu cür təlimatlarda öz əksini tapmayacaq. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında bir sıra yerlərdə ümumiyyətlə sərhəd müəyyənləşməyib. Sovet dönəmində heç inzibati sərhədlər də olmayıb. Xüsusilə dağlıq ərazilərin çox yerində Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib, indi müəyyənləşməlidir. Bu da danışıqlar prosesində qarşılıqlı güzəştlər şərtilə yəqin ki, müəyyən olunacaq. Burada mübahisəli ərazilərlə bağlı sərhədlərin necə müəyyən ediləcəyi güman edirəm ki, təlimatda öz əksini tapmayacaq. Çünki Ermənistan müxalifəti bu cür məsələlərdən istifadə etməyə indiyə qədər də cəhd göstərib, şübhə yoxdur ki, semki qabağı kampaniya dövüründə bu cür sənədləri ciddi-cəhdlə araşdırıb Paşinyan hakimiyyəti əleyhinə istifadə etməyə çalışacaq. Ancaq hesab edirəm ki, bütövlükdə bu proses müsbət hadisədir”.
A.Səmədov vurğuladı ki, Şahin Mustafayevin Ermənistana səfəri münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edəcək: “Sərhədlərin delimitasiya və demarkasiya prosesini bir az da sürətləndirəcək”.
İradə SARIYEVA