İran dövlət televiziyası Tehran administrasiyasının Pakistan rəsmiləri vasitəsilə sülh və danışıqlar prosesi ilə bağlı yeni təkliflərini Vaşinqtona çatdırdığını açıqlayıb.
İRNA da yazıb ki, İran aprelin 30-da ABŞ-la danışıqlarda vasitəçilik edən Pakistana yekun danışıqlar layihəsinin mətnini çatdırıb. Xəbərdə təklifin məzmunu barədə ətraflı məlumat verilməyib.
ABŞ mediası Tramp və komandasının planı dəyərləndirməyə başladığını bildirir.
İran bu yaxınlarda müharibəyə son qoymaq üçün əvvəlcə Hörmüz boğazının açılmasına diqqət yetirməyi, nüvə məsələsini təxirə salmağı təklif edib. Lakin ABŞ prezidenti Donald Tramp blokadanı qaldırmaq istəmədiyi üçün təklifi rədd edib. Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff isə İrana nüvə məsələsini yenidən müzakirələrin mərkəzinə gətirən dəyişikliklər siyahısı ilə cavab verib.
ABŞ-ın layihə mətninə əlavə etdiyi ən vacib şərtlərdən biri İranın danışıqlar davam etdiyi müddətcə, bombardman edilmiş nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmayacağı və bu obyektlərdə heç bir fəaliyyəti bərpa etməyəcəyi barədə öhdəlik götürməsi tələbidir.
Məlumata görə, İran tərəfi isə sözügedən şərtləri dəyərləndirərək, cavabını dünən Pakistan vasitəsilə ABŞ-a çatdırıb.
Tahir TAĞIYEV