15/08/2020 21:04
728 x 90

Paşinyan nəhayət Simonyanın tənqidinə cavab verdi... 10 gün fikirləşəndən sonra...

img

Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı telejurnalist Marqarita Simonyanın cavabını vermək üçün düz on gün fikirləşməli olub.

Bu barədə erməni jurnalisti Mamikon Babayanın “Vestnik Kavkaza” saytında gedən yazısında deyilir. M.Simonyanın özünün Teleqram-kanalında apardığı verilişdə Rusiya-Ermənistan münasibətlərinin gəldiyi son vəziyyətdən danışarkən Azərbaycan-Ermənistan sərhədindəki eskalasiyanı da şərh etməsindən və bunu “çoxəsrlik düşmənçilik” adlandırmasından danışan müəllif yazır ki, əslində Simonyanın tezislərinin əsasında məhz Paşinyan hökumətinin daxili siyasətindəki yanlış prioritetlər durur. Onun sözlərinə görə, rusiyalı telejurnalist haqlı olaraq bildirir ki, İrəvan “bütün yaxşılıqların üzərindən xətt çəkərək”, nümayişkaranə surətdə Rusiyadan qopur, halbuki, bu illər ərzində Rusiyadan istisnasız bütün sahələrdə hər cür dəstək alıb.

Paşinyanın özünü xeyli gözlədən cavabında isə bildirilir ki, əslində, guya Rusiya özünün Ermənistanla bağlı yeritdiyi siyasəti bir daha gözdən keçirməli, bu ölkə ilə bağlı çoxvektorlu siyasət yürütməlidir ki, xarici tənqidçilərdə Ermənistanın loyallığına şübhə yaranmasın.

Yazıda deyilir ki, Marqarita Simonyanın eks-prezident Robert Köçəryanın həbsini qabartması isə emosiyaları bir qədər də qızışdırıb, hətta erməni təbliğatçılarının əlinə Rusiyadakı diasporunun Ermənistanın taleyinə etinasızlığını və ölkənin maraqlarından çıxış etməmələrini tənqid etməkdən ötrü kart-blanş verib. Burada həm də diqqət ona çəkilir ki, “məxməri inqilab” zamanı Rusiyadakı məşhur ermənilərdən yalnız “Dialoq” təşkilatının sədri Yuri Navoyan Paşinyana dəstək verib.

Yazıda, eyni zamanda bildirilir ki, Simonyan-Paşinyan dialoqu Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr ərəfəsinə təsadüf etsə də, tərəflərdən heç biri Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindəki böhranlı vəziyyətə toxunmayıb, halbuki, bu gün Ermənistanın düşdüyü vəziyyətdə bilavasitə bu münaqişənin təsiri var. Müəllif deyir ki, bu halda isə görünən odur ki, əslində tərəflərdən heç birini Ermənistanın taleyi maraqlandırmır və onların hər ikisi bu dialoqdan dividend götürdü: Simonyan Rusiya ermənilərinin gözündə Ermənistanda baş verənləri həyəcanla izləyən diaspor üzvü kimi “ucaldı”, Paşinyan isə telejurnalistin çıxışındakı ayrı-ayrı fraqmentlərdən ustalıqla istifadə edərək, növbəti dəfə özünü ictimaiyyətə inqilabi hərəkatın seçilmiş üzvü kimi sırıya bildi.

SAMİRƏ

 

Son xəbərlər