İstənilən dövlətin uğurlu inkişafı üçün xalq-iqtidar birliyi çox önəmlidir.
Bunu Milli Məclisin deputatı Jalə Əhmədova İlhamla Mehribanla Azərbaycan Naminə (IMAN) səhifəsinə açıqlamasında bildirib. Millət vəkili deyib ki, Azərbaycan bu mənada da nümunəvi ölkələrdəndir:
“Xalq öz Prezidentini və onun dövlətin naminə qəbul etdiyi haqlı qərarları dəstəkləyir. Bunun ən gözəl sübutu düşmənin sərhədin Tovuz istiqamətində törətdiyi xain təxribata cavab olaraq, ordumuzu və Ali Baş Komandanımızı dəstəkləmək üçün Bakı şəhərində keçirilən Dəstək yürüşüdür. Çox təəssüflər olsun ki, bir qrup öz içimizdə olan xain şəxslər bu qürurverici yürüş zamanı təxribata əl atmışlar. Təxribatçılar öz layiqli cəzalarını almış və xalqın inamını, əzmini və həvəsini qıra bilməmişlər. Düşməni məhv etmək üçün biz dövlət başçımızın ətrafında toplaşmalı və dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq yumruq kimi bir olmalıyıq. Soydaşlarımız tərəfindən dünyanın 25-ə yaxın şəhərində keçirilmiş etiraz aksiyaları bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan öz haqlı mövqeyini hər zaman sonuna qədər qoruyacaq və Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxarılmalıdır. Həmçinin, pandemiyanın yaratdığı bütün çətinliklərə baxmayaraq, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi baxımdan ən az zərar görmüş ölkələr siyahısına daxil olmuşdur. Yoluxmaların və sağalanlarında statistikasına nəzər yetirdikdə eyni mənzərəyə şahid oluruq. Bu qələbədə xalqın da öz əvəzolunmaz rolu var. Cənab Prezidentin tapşırığı ilə hər bir vətəndaş özünün və yaxınlarının sağlamlığını təmin etmək üçün Operativ Qərargahın qəbul etdiyi operativ qərarlara tabe olur və bu da öz bəhrəsini, təbii ki, göstərir. Daxili və xarici problemlərin ölkə üçün uğurlu həllinin yeganə formulası var, o da xalq-iqtidar birliyidir.
Biz hər zaman Sizin yanınızdayıq, Cənab Prezident!”