Tanınmış jurnalist, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində atəşkəs rejiminin kobud şəkildə pozulması, ermənilərin törətdiyi təxribat, işğalçılıq siyasəti barədə Türkiyə mediasına açıqlama verib. Mövzunun aktuallığını nəzərə alaraq, həmin yazını oxucularımıza təqdim edirik: Azərbaycan-Ermənistan sərhədinin Tovuz bölgəsində atəşkəs rejiminin pozulması çox böyük narahatlıq yaradıb. Nəyə görə Ermənistan məhz Tovuz istiqamətindən Azərbaycana hücum edib? Azərbaycanın bu bögəsində atəşkəs rejiminin pozulmasında marağı olan qüvvələrin niyyətini Azərbaycanın tanınmış jurnalisti Turaf Səfərovdan soruşduq: “Ermənistan Silahlı Qüvvələri 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edən ermənilər günahsız insanları vəhşicəsinə qətlə yetiriblər, həmin ərazilərdə azərbaycanlılara qarşı soyqırımlar törədiblər. Ermənilərin işğalçılıq siyasəti nəticəsində on minlərlə insan həlak olub, bir milyondan çox soydaşımız öz yurdundan didərgin salınıb. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, onları icra etmir. Son vaxtlar Azərbaycanın qərb sərhəddində baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan sülh istəmir, əksinə işğalçılıq siyasətini davam etdirmək və daha da genişləndirmək niyyətindədir.
O bildirib ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub. Bir həftə davam edən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun biri general olmaqla, 12 hərbi qulluqçusu şəhid olub. Erməni vandalları yaşayış məntəqələrini hədəf alaraq, mülki vətəndaşları atəşə tutublar. Nəticədə iki nəfər mülki vətəndaş həlak olub. Ermənistanın Azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, hüquq pozuntuları nəticəsində dinc sakinlərin həyatlarına və mülkiyyətlərinə qəsd edilib, insanlar ağır maddi və mənəvi ziyana məruz qalıb. Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndləri istiqamətində atəşkəs rejimini pozan ermənilərin ağır artilleriya hücumu nəticəsində kənd sakinlərinə məxsus evlərə, digər mülki obyektlərə ciddi zərər dəyib, ev heyvanları tələf edilib. Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur. Tural Səfərov bildirib ki, ermənilərin Tovuz rayonunu hədəf alması heç də təsadüfi deyil. Bu rayon Azərbaycanın qərbindədir və Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi Qarabağdan bir neçə yüz kilometr aralıda yerləşir. Tovuz rayonunun ərazisindən son illər reallaşdırılan beynəlxalq iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir. Ermənilərin məqsədi bu istiqamətdəki yüksəklikləri ələ keçirib əraziyə nəzarəti ələ almaq və gələcəkdə yeni işğal planlarını həyata keçirmək idi. Ancaq şanlı Azərbaycan ordusu onların bu məkrli planının qarşını qətiyyətlə aldı.
Tural Səfərov deyib ki, Azərbaycan tərəfi ermənilərin təxribat törətdiyi ilk gündən hadisə ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Hər zaman olduğu kimi, Azərbaycana yenə ilk və ən böyük dəstəyi qardaş Türkiyə verib. Türkiyə nəinki Ermənistanın bu təxribatını qınayan bəyanat verib, eyni zamanda Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib. Qardaş ölkənin Prezidenti, xarici işlər, müdafiə nazirləri, millət vəkilləri, ictimai xadimləri açıqlamaları ilə ermənilərin havadarlarına mesaj verib, Azərbaycanın yalnız olmadığını, onun Türkiyə kimi müttəfiqinin olduğunu bütün dünyaya bir daha göstəriblər. Türkiyə Böyük Millət Məclisi Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri ilə bağlı açıqlama yayıb. Sənəd parlamentdə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya tərəfindən qəbul edilib. Bir-birinə müxalif olan bu partiyalar yalnız milli məsələlərdə ortaq mövqedən çıxış edirlər. Onların Azərbaycan üçün bir araya gəlib bəyanat verməsini, Azərbaycan üçün birləşməsini xalqımız heç vaxt unutmayacaqdır. Ermənilərin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı Türkiyə mediası geniş işıqlandırıb, bu təxribatın dünyaya çatdırılması üçün əlindən gələni edib. Bütün bunlara görə ilk növbədə qardaş Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinin rəhbərliyinə, Türkiyənin millət vəkillərinə, siyasi partiyaların rəhbərlərinə və qardaş ölkənin media orqanlarına dərin təşəkkürümüzü bildiririk.
Tural Səfərov bildirib ki, Tovuz istiqamətindəki dövlət sərhəddində hələ ki sakitçilikdir: “Ancaq ermənilərə etibar yoxdur. Onlar hər an təxribat törədə, yaşayış məntəqələrimizə hücum edə bilərlər. Azərbaycan ordusu bizim sərhədlərimizi etibarlı müdafiə etmək qüdrətindədir. Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Qüdrətli ordumuz tezliklə işğal altındakı torpaqları düşmən tapdağından azad edəcəkdir”.
Yazının əsli ilə bu linkdə tanış olmaq olar:
https://mediterranean5n1k.com/ermenistan-azerbaycana-neden-saldirdi/
Baki-xeber.com