Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qubanın Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə bağlı gedən “UAZ” markalı avtomobil qəzaya uğrayıb.
Baki-xeber.com-un Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən aldığı xəbərə görə, hadisə bu gün saat 08:00 radələrində baş verib. Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin...