İsveçrədə Ermənistanın Berndə Səfirliyinin olmaması səbəbindən, əsgərlərimizə dəstək və son hərbi təxribatlara etiraz olaraq İsveçrənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan diaspor nümayəndələrimiz Cenevrəyə qədər yürüş edib.
Baki-xeber.com-un xəbərinə görə, yürüşdə 200-ə qədər diaspor nümayəndəmiz iştirak edib.
Yürüş “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış İsveçrə Konfederasiyasında Azərbaycan diasporunun Koordinasiya şurasının əlaqələndiricisi Əkbər Gəncə tərəfindən təşkil olunub və Azərbaycanın Bern şəhərində yerləşən Səfirliyinin mənəvi dəstəyi nəticəsində baş tutub. Tədbirin icazəsi Q.Nəsirov tərəfindən alınıb və morderatorluğu da o həyata keçirib.
Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yer çıxışlara verilib. Həm diaspor nümayəndələri, həm də yerli sakinlər tərəfindən müxtəlif dillərdə çıxışlar baş tutub. Şəhər sakinləri ayaq saxlayaraq, tədbir iştirakçılarının tələbləri ilə maraqlanıb. Portuqaliya vətəndaşı tədbirdə çıxış edərək BMT Baş Katibi Antonio Quterresə müraciət edib və dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa, BMT Qətnamələrinin yerinə yetirilməsinə çağırıb.
Beləliklə, İsveçrədə keçirilən tədbir Azərbaycan diasporunun daha bir nailiyyəti olub. Bu tədbir vasitəsilə Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyi nümayiş etdirilib.
Baki-xeber.com