Türkiyə Yazarlar Birliyi İstanbul Şöbəsinin başqanı Mahmud Bıyıklı Azərbaycan Yazıçılar Birliyinin sədri Anara məktub yazaraq Ermənistanın Tovuz rayonunda törətdiyi təxribata təpkisini dilə gətirib.
Baki-xeber.com-un xəbərinə görə, bu durumda hər cür dəstəyə hazır olduqlarını ifadə edən sayın Bıyıklı məktubunda Qarabağ işğalda ikən Ermənistanın yeni işğal cəhdlərini qətiyyətlə pisləyir və Azərbaycan Ordusunun mətin dirənişindən qürur duyduqlarını bildirir.
“Türkiyədə bütün vətəndaşlarımızın duası və dəstəyi sizinlədir. Hər zaman qəlbimiz Azərbaycan Türkləri ilə bir döyünür. İstanbulla Bakı arasında qardaşlıq körpüsü qiyamətə qədər yıxılmayacaq. Milli şairimiz Mehmet Akifin ifadəsilə desək, “cephemizin sinesinde iman bir, sevinme bir, acı bir, vicdan birdir”. Cahan da dağılsa, bu cəbhə sarsılmayacaq. İki dövlət, bir millət olaraq düşmənə boyun əyməyəcəyimizi bütün dünya görəcək. Azərbaycan xalqı yalnız deyil. Hər cür dəstəyə hazır olduğumuzu bildirir, erməni qatillərin hücumunda həyatını itirən şəhidlərimizə rəhmət diləyir, Can Azərbaycanın igid xalqına başsağlığı veririk” - məktubda deyilir.
Baki-xeber.com