Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Bek Air" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 100 nəfər olub. Təyyarə Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.
Hava limanının "Facebook"dakı səhifəsində bununla bağlı məlumat yayılıb.
"Bu gün "Bek Air" aviaşirkətinin Almatı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir", - xəbərdə bildirilir.
Təyyarə yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, 66 nəfər sağ qalıb və tibbi yardım alıb. Onların ən azı 22 nəfərinin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Hələlik 15 nəfərin öldüyü barədə dəqiq məlumat verilir.
Təyyarə qəzasında həlak olanlar arasında Qazaxıstanın generallar şurasının sədri 79 yaşlı Rüstəm Kaydarov da olub.
Ölkənin birinci prezidenti Nursultan Nazarbayev faciə ilə bağlı başsağlığı verib.