ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İran arasında yaşanan böhranla bağlı ortaya yeni bir iddia atılıb.
Baki-xeber.com xarici mediaya xəbər verir ki, islahatçılara yaxınlığı ilə tanınan İranlıların Səsi (Nida) Partiyasının Şura sədri Məhəmməd Sadiq Harrazi ABŞ, İsrail və Səudiyyə Ərəbistanının 2021-ci ildə İran rejimini devirməyi planlaşdırdığını iddia edib.
"ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərinin dəstəklədiyi rejim müxaliflərinin sosial mediadakı fəaliyyətləri diqqətlə araşdırılsa, onların bir planla hərəkət etdiyi görünəcək. İranı bu il yıxmaq fikrində deyillər. Planları, rejimi 2021-ci ildə yıxmaq istiqamətində qururlar" - Harrazi deyib.
Harrazi, 2021-ci ilin ölkəsi üçün tale ili olacağını ifadə edib: "İran cəmiyyətini xəstə və ya yaralı bir insanla müqayisə etsək (lazımi müalicə görülməzsə) xəstəlik zamanla bütün bədənə yayılacaq. Xəstəlik cəmiyyəti tamamilə təsir altına almış vəziyyətdədir. Böhran düzgün idarə olunarsa problemi aradan qaldırmaq mümkündür. Əks təqdirdə, bu proses belə davam edərsə, xəstəlik hökumətin əsas gövdəsinə də keçər və ölkədə sabitliyin pozulmasına səbəb olar".
Benzinin bahalaşmasından sonra baş verən hadisələrdən sonra tənqid hədəfinə çevrilən və bəzi qruplar tərəfindən istefası tələb edilən prezident Həsən Ruhani barədə danışan Harrazi, ali liderin (Əli Xamneyi) hökumətin getməsinə icazə verməyəcəyini deyib. Mühafizəkar kəsimdə Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin prezident olacağına dair gözləntilərə gəlincə, Harrazi Süleymaninin prezident kimi yüksək bir post haqda düşünmədiyini söyləyib.