Türkiyə tərəfi ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri ermənilərin soyqırımı kimi tanımasına cavab olaraq hinduların ABŞ-da genosidə məruz qalmasını tanıya bilər.
Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Dekabrın 15-də A Haber telekanalının efirinə çıxan Ərdoğan deyib ki, bizim parlament də hinduların genosidini tanıya bilər. Amerika haqqında danışarkən bu fakt barədə necə susmaq olar? “Bu, ABŞ tarixinin qaranlıq səhifəsidir”- o deyib. Türkiyə prezidenti eyni zamanda amerikalı həmkarı Donald Trampı “1915-ci il hadisələrini daxili siyasətində alətə çevirməməyə və iki ölkə arasındakı münasibətləri qurban verməməyə” çağırıb.
Ərdoğan qeyd edib ki, bu hadisələr barəsində siyasətçilər deyil, tarixçilər danışmalıdır.
Xatırladaq ki, dekabrın 12-də ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin guya soyqırıma məruz qalması ilə bağlı qətnamə qəbul edib. Sənəd Nümayəndələr Palatasına oktyabrın sonunda demokrat Adam Şiff tərəfindən təqdim edilib. Əslində Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələrin hüquqi qüvvəsi olmur və bu sənədlər yalnız tövsiyə xarakteri daşıyır. Beləliklə, qanunvericilər hər hansı məsələyə münasibətini ortaya qoyur, icraedici orqanlar isə həmin sənədi gözardı etmək hüququna sahibdir.
Onu da xatırladaq ki, sənədin imzalanmasının dərhal ardından Azərbaycan XİN-in etirazına cavab olaraq ABŞ-ın Azərbaycandakı səfiri Li Lifzenberger bunun ölkəsinin rəsmi mövqeyi olmaması ilə bağlı açıqlama vermişdi.
SAMİRƏ