2 milyondan çox amerikalı Seçici Kollegiyasını Hillari Klintona səs verməyə çağıran petisiyaya imza atlıb. Petisiyada noyabrın 8-dəki seçkiləri udan Donald Trampın prezidentliyə yaramadığı bildirilir. Petisiya ictimai çağırışlar yerləşdirilən change.org saytındadır.
Petisiyada deyilir: “Biz Seçici Kollegiyasındakı seçiciləri öz ştatlarında seçkinin nəticələrini bir tərəfə qoyub, Hillari Klintona səs verməyə çağırırıq. Tramp prezidentliyə yaramır. Onun aqressiv davranışı, yalan bəyanatları, seksual təcavüzləri və təcrübəsinin heç olmaması onu respublika üçün təhlükəli edir”.
Petisiyanı imzalayanlar öz çağırışlarını həm də onunla əsaslandırırlar ki, Klinton ölkə üzrə seçicilərin Trampla müqayisədə daha çox səsini alıb. “Xalq səs verməsini Klinton udub və prezident olmalıdır”.
Dekabrın 19-da Seçici Kollegiyası prezidentliyə namizədə səs verməlidir. Onlar üçün bu səsvermə formaldır, çünki ənənəyə görə və bəzi ştatların hətta qanuna görə, Kollegiyadakı seçicilər ştatlarındakı seçkilərin nəticələrinə uyğun səs verməlidirlər. Hərçənd ABŞ tarixində əksinə səs verən seçicilər də olub.
Sonda xatırladaq ki, ABŞ qanunlarına görə, prezident birbaşa seçki ilə seçilmir. Hər ştatda seçkinin nəticəsi ayrıca hesablanır. Ölkə üzrə 538 nəfərlik Seçici Kollegiyasında hər ştatın öz əhalisinin sayına mütənasib seçicisi var. Ştatda seçkini kim udubsa, Seçici Kollegiyasında həmin ştatdan olan seçicilər də eyni namizədə səs verməlidir.
Noyabrın 8-dəki seçkilərin nəticələrinə görə, Tramp Seçici Kollegiyasında azı 290 səs qazanıb. Klintonun seçici səsləri 228-dir. Bunu New York Times qəzeti hesablayıb. Həmin qəzetin hesablamasına görə, seçkidə Trampa 59 milyon 791 min adam səs verib. Klintona səs verənlər 60 milyon 72 mindir.