ABŞ-ın Oreqon ştatının Portland şəhərində Donald Trampın prezident seçilməsinə qarşı etiraz aksiyaları iğtişaşlara çevrilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər polisinin yaydığı məlumatda bildirilir ki, etirazçılar daşlarla silahlanıblar.
Polis kütləyə qanunsuz aksiya təşkil edildiyini bildirib və onları dağılışmağa çağırıb. Yerli sakinlərə və qonaqlara etiraz aksiyasının keçirildiyi ərazilərdən keçməmək məsləhət görülür.
Şəhər polisinin “Twitter” səhifəsində məlumat verilib ki, aksiyalarda 26 nəfər saxlanılıb. Məlumatda bildirilir ki, aksiya iştirakçıları avtomobillərin hərəkətinə mane törədib, binalarda pəncərələri sındırıb və hətta insanlara hücum ediblər.
Etirazçılar polisin sakitliyi təmin etmək çağırışına məhəl qoymayıb və polis kütləni dağıtmaq üçün bibər qazı, rezin güllə kimi xüsusi vasitələrdən istifadə edib, etirazçıların bəzilərini saxlayıb.
ABŞ-da Trampın prezident seçilməsinə qarşı etiraz aksiyalarının sayı artır.