Avropa Birliyi Komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) yeni ABŞ prezidenti seçilmiş Donald Trampı ( Donald Trump) dünya ticarəti, qlobal iqlim, və NATO-dakı müttəfiqlərlə münasibət kimi vacib beynəlxalq problemlərdə mövqeyinə aydınlıq gətirməyə çağırıb.
O, Berlində çıxış edərkən deyib ki, Avropa Birliyi yaxın aylarda Vaşinqtondan bu məsələlərə aydınlıq və dəqiqlik gətirilməsini gözləyir.
Əvvəllər heç bir dövlət vəzifəsi tutmayan Donald Tramp, seçkiqabağı kampaniyalar zamanı azad ticarət rejimi, NATO ittifaqı və qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini kəskin tənqid eləmişdi.
Noyabrın 8-də ABŞ-da keçirilən növbəti prezident seçkisində 289 seçici səsi ilə respublikaçıların namizədi Donald Tramp qalib gəlib.