ABŞ-ın Nyu-York şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə keçirilən etiraz aksiyası zamanı polis 30 nəfəri saxlayıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
D.Trampa qarşı etiraz edən minlərlə sakin şəhər küçələrinə çıxaraq Trump Tower göydələninə qarşı yürüş keçirməyə cəhd göstərib.
Etiraz aksiyaları Çikaqo, Filadelfiya və Bostonda da keçirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Sietl şəhərində isə Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyası zamanı atışma baş verib. Silahlı insident nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. İnsidentin səbəbləri araşdırılır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüzlərlə əleyhdarı Birləşmiş Ştatların Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Trend-in "Independent" qəzetinə istinadən verdiyi məlumata görə, noyabrın 10-na keçən gecə təxminən 200 nəfər diplomatik nümayəndəliyin qarşısında "Trampı dayandırın" şüarı səsləndirib.
Ərazidə kiçik qarşıdurma yaşansa da, polis asayişi bərpa edə bilib.
Xatırladaq ki, D.Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.