İranın xarici işlər naziri Cavad Zərif deyib ki, yeni ABŞ prezidenti seçilmiş Donald Tramp İranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişinə sadiq olmalıdır.
Tramp seçkiqabağı kampaniyalar zamanı İranla nüvə sazişini pisləmiş və bu razılaşmadan çıxacağını vəd etmişdi.
Cavad Zərif deyib ki, hər bir ABŞ prezidenti dünyanın bugünkü reallığını başa düşməlidir.
İran prezidenti Həsən Ruhani isə deyib ki, Trampın ABŞ prezidenti seçilməsi İranın digər ölkələrlə konstruktiv əlaqələrinə və iqtisadi münasibətlərinə mane olmayacaq.
İslam Respublikasının prezidenti bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticəsi İranın siyasətinə təsir etməyəcək.
Qeyd edək ki, İranla nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırıb və əvəzində ona qarşı bir sıra beynəlxalq sanksiyalar aradan qaldırılıb.