Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bütün amerikalıların prezidenti olacağına söz verib. Trend-in məlumatına görə, D.Tramp qeyd edib: "ABŞ hökuməti Amerika xalqına xidmət edəcək".
O bildirib ki, ABŞ hələ yaralarını sağaldır.
Seçkilərdə qalib gələrək Nyu Yorkda tərəfdarları qarşısında çıxış edən D.Tramp ölkə infrastrukturunu bərpa etmək niyyətində olduğunu bəyan edib: "Biz şoselər, körpülər, tunellər, hava limanları, xəstəxanalar tikəcək, infrastrukturumuzu bərpa edəcəyik. Biz bu işə milyonlarla insanı cəlb edəcəyik".
D.Tramp ABŞ-ın maraqlarını hər şeydən üstün tutacağını bildirib: "Mən təsdiq edirəm ki, ABŞ-ın maraqlarını hər şeydən üstün tutacağam, bununla belə, dünyada hər şeyə, bütün xalqlara, millətlərə vicdanla yanaşacağam. Biz tərəfdaşlığın lehinəyik, münaqişənin yox".