ABŞ-ın yeni prezidenti aylar sürən seçki kampaniyalarının ardından bu gün seçiləcək. Seçkilərin çərşənbə axşamı günləri keçirilməsinin isə illər öncəsinə dayanan bir səbəbi var.
Baki-xeber.com xəbər verir ki, bu ölkədə prezident seçkiləri hər dörd ildən bir noyabr ayının ilk çərşənbə axşamı keçirilir. Seçkinin çərşənbə axşamı keçirilməsi ənənəsi 1800-cü illərin ortalarına gedib çıxır.
Belə ki, o illərdə Kaliforniya, Florida və Texas kimi bəzi əyalətlər hələ qurulmamışdı. Uzaq bölgələrdə əkinçiliklə məşğul olan amerikalılar, atla şəhər mərkəzlərinə gedib səs verib geri dönmələri 3 gün vaxt alırdı. Həftə sonu isə dini ayinlərini yerinə yetirənləri düşündükdə çərşənbə axşamı ya da çərşənbə günləri ən uyğun gün hesab edilirdi. Ancaq çərşənbə günləri də bir çox şəhərdə bazar qurulduğundan ABŞ Konqresi seçkilərin çərşənbə axşamı keçirilməsi barədə qərar verib.