Monteneqroda çevriliş planlaşdıran 20 şübhəli saxlanılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ölkə mətbuatı prokuror Milivoye Katniçə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanan qrup iqtidardakı Demokratik Sosialist Partiyasının (DPS) rəhbəri və baş nazir Milo Dukanovici girov götürüb ya da öldürüb, ölkədə çevriliş etməyi planlaşdırırmış. Qeyd edilir ki, ölkədə terror aktları planlaşdıran dəstə üzvləri dövlət qurumlarını silahlı hücumlarla ələ keçirmək niyyətində olub.
Saxlanılanlar arasında Serbiya polis qüvvələrinin sabiq rəhbəri Bratislav Dikic də var. Bununla yanaşı çevriliş cəhdində rusiyalı millətçilərin də adı hallandırılır, iddia edilir ki, onlar keçən ay ölkədə çevriliş planlaşdırırmış.
Prokuror Milivoye Katniçin sözlərinə görə, Dukanoviçə sui-qəsd hazırlayan qrupun nümayəndələri Rusiyadan gələn millətçilər olub: “Bu qrup baş naziri qətlə yetirərək müxalif qruplardan birini hakimiyyətə gətirməli idi. Kriminal qrup Monteneqro, Serbiya və Rusiya ərazisində formalaşdırılıb. Sui-qəsdi bir nəfər uzaq məsafədən açdığı atəşlə həyata keçirməli idi. Hələlik Rusiyanın bu teraktda əlinin olması ilə bağlı sübut yoxdur”.
Bundan öncə Serbiya mətbuatı Rusiyanı Monteneqroda çevriliş cəhdi hazırlamaqda ittiham edib. Monteneqroda həbslər başladıqdan sonra rəsmi Belqrad da buna dəstək nümayiş etdirib. Bunun qarşılığında isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili Serbiyaya gəlib və bu ölkənin bütün rəhbər şəxsləri ilə danışıqlar aparıb. Danışıqlarda məhz nəyin müzakirə olunduğu indiyə qədər sirr olaraq qalır.
Serbiya tərəfi onlara bu barədə məlumat verilmədiyini bəyan edib və buna şübhə ilə yanaşdıqlarını deyiblər. Rəsmi Moskva da Rusiyanın Monteneqroda çevriliş və baş nazir Milo Dukanovicə sui-qəsd cəhdi hazırladığına dair iddialara reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov bu xəbərləri təkzib edir: "Bu mövzu ilə əlaqədar məlumatımız yoxdur. Rusiyanın qeyri-qanuni hərəkətlər təşkil etmək cəhdində olduğuna dair iddiaları qəti şəkildə rədd edirik".
Hadisənin Monteneqroda təşkil olunan parlament seçkiləri ilə eyni dövrə təsadüf etməsi isə diqqət çəkir.