Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp söz verib ki, silahlı qüvvələrdən yalnız ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından həyati vacib hallarda yararlanacaq.
Donald Tramp Şimali Karolinanın Selma şəhərində tərəfdarları qarşısında çıxışında deyib ki, prezident seçilərsə, başqa dövlətlərə demokratiya yeritməyə son qoyacaq.
Tramp həmçinin söz verib ki, silahlı qüvvələrdən yalnız ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından vacib hallarda istifadə edəcək. "Biz xaricdə demokratiya qurmaq, rejimləri devirmək və başqalarının ərazilərinə düşüncəsiz müdaxilə cəhdlərinə son qoyacağıq. Bunun əvəzində, diqqətimizi Amerikada təhlükəsizliyin qorunmasına və İslam Dövləti qruplaşması (İD) və radikal islamçı terrorizmin məhvinə yönəltməliyik", deyə respublikaçı namizəd vurğulayıb.
"Bizim İD-ni və terrorçuları məhv etmək məqsədimizi bölüşən hər bir ölkə bu missiyada müttəfiqimiz olacaq", – deyə Tramp əlavə edib.
O, rəqibi Hillari Klintonu və ABŞ prezidenti Barak Obamanı ittiham edərək deyib ki, onların səhvləri ucbatından İD Avropa və ABŞ-a birbaşa və açıq təhlükəyə çevrilib. “Amerika hərbçiləri Yaxın Şərqdə terrorçularla döyüşərkən Hillari Klinton sərhədlərimizi daha da açmaq, həmin terrorçuların ölkəmizə girməsinə şərait yaratmaq istəyir", – Tramp qeyd edib.
O, çıxışında da prezident seçiləcəyi halda suriyalıların ABŞ tərəfindən qəbulu və yerləşdirilməsi üzrə federal proqramı ləğv edəcəyinə söz verib.