Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndiriləm Fəthullah Gülən hərəkatının həbs edilmiş üzvlərinin qaçış planı ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, FETÖ-nün beyin komandasının da aralarında olduğu 5 min 544 məhbus üzvü saxlandığı Sincan cəzaçəkmə müəssisəsində qaçış planı son anda deşifr olub. Bütün planları hazırlanan qaçışın noyabr ayı üçün planlaşdırıldığı ortaya çıxıb.
NTV-nin xəbərinə görə həbsxanada ani basqınlarda FETÖ-çülərin kameralarında qaçış planları, şifrəli qeydlər, kamera və ventilyasiya xəritələri ələ keçirilib. Həbsxana planının ən incə detalına qədər cızılan xəritələrdə hava müdafiə sistemlərinin yerləri də dəqiqliklə qeyd edilib.
Bununla bağlı ətraflı hesabat hazırlayan həbsxana rəhbərliyi Ankara Respublika Prokurorluğuna dərhal tədbirlər görülməsi üçün xəbərdarlıq edib. Xəbərdarlıqda həbsxananın 6 min məhbus üçün nəzərdə tutulmasına baxmayaraq 8 min 76 məhbusun qaldığı bildirilib.
Həbsxanada saxlanan 5 min 544 FETÖ üzvünün bir-birlərini tanıdıqları üçün havaya çıxarıldıqları zaman səsli və yazılı qeydlərlə xəbərləşdikləri bildirilir: "FETÖ üzvlərinin tez-tez xəstəxanaya göndərilməklə üz-üzə təmas qurduqları, üsyan, qarışıqlıq, girov götürmə, yanğın və qaçışa təşəbbüs göstərməyə can atdıqları qeyd edilir.
Bəzi FETÖ üzvülərinin təxribat planı hazırlamaq kimi mövzularda mütəxəssis olduqları bildirilir. Onlar öz aralarında gizli xəbərləşmə üçün şifrəli yazışma üsullarından istifadə edərək jandarma və həbsxana personalı haqqında da məlumat toplayıblar.
FETÖ-çülərin planının ifşa edilməsindən dərhal sonra cəzaçəkmə müəssisəsində təhlükəsizlik tədbirləri gücləndirilib, həbsxananın mühafizə personalının sayı artırılıb. Ankara Prokurorluğu isə şübhəlilərin həbsxana personalından dəstək aldığı iddiaları ilə bağlı araşdırmalara başlayıb.