“İslam dövləti” terrorçu qruplaşmasının rəhbərləri döyüşçülərinə Mosulu tərk edərək Suriyaya dönməyi əmr edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Əs-Sumayə” telekanalı xəbər yayıb. Xəbərdə deyilir ki, İŞİD döyüşçülərinə iki ildən artıqdır terrorçu qrupun nəzarətində saxladığı Dəclə çayının qərb və şərq sahillərini tərk edərək Suriyaya doğru hərəkət etmək əmri verib. Telekanalın xəbərinə görə, bu xəbəri Neynəva əyalətindəki mənbə verib. O deyib ki, Mosul əhalisi iki ildən bəri ilk dəfədir rahat nəfəs almağa başlayıb. Telekanala danışan mənbənin sözlərinə görə, xalq ordusunun qazandığı uğurlar və bir çox zəruri obyektlərin geri alınması “terrorçularda döyüş ruhunu öldürüb”.
Xatırladaq ki, Mosulun azad olunması üzrə yerüstü əməliyyat oktyabrın 17-də başlayıb. 31 oktyabrda İraqın xüsusi xidmət gücləri Mosula şərq cinahından hücum edib. 1 noyabr tarixində isə ordu şimal istiqamətindən şəhərə girərək mərkəzə doğru irəliləməyə başlayıb.