«Donald Trampı seçin, yoxsa nüvə müharibəsi olacaq». Bu, Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin ABŞ seçicilərinə məsləhətidir.
Adətən odlu-alovlu, hədələyici çıxışları ilə diqqəti çəkən Jirinovski prezidentliyə respublikaçıların namizədi Donald Trampı tərifləyib, deyib ki, noyabrın 8-də səsverməyə gedəcək hər bir amerikalı bilməlidir ki, Trampa səs verərsə, planetdə sülhə səs vermiş olar. Demokratların namizədi Hillari Klintonun seçilməsi müharibə ilə nəticələnər: «Hər şey qısa film kimi bitər. Hər yer Xiroşima və Naqasaki olar».
Jirinovski nə qədər təhlükəli, şovinist çıxışlar etsə də, çoxları onu ciddiyə almır. Jirinovskinin Liberal Demokrat Partiyası Dumada hakim partiyanın qərarlarını demək olar ki, həmişə dəstəkləyir.
Bir dəfə Jirinovski ölkənin cənubuna, daha çox müsəlmanların yaşadığı ərazilərə tikanlı məftillər çəkməyi məsləhət görmüşdü. Tramp da ABŞ-ın Meksika ilə sərhədinə divar çəkməklə bağlı çağırış edib.