Amerika müsəlmanlarının böyük əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillari Klintonu respublikaçıların namizədi Donald Trampdan üstün tutur.
Amerika-İslam Münasibətləri Şurasının (CAIR) bütün ölkəni əhatə edən sorğusunun nəticələrinə görə, qeydiyyatdan keçmiş müsəlman seçicilərin 86 faizi noyabrın 8-də səs verməyi düşünür. Rəyi soruşulanların 72 faizi Klintona səs verəcəyini deyir.
Sorğuya qatılan 800 nəfərin cəmi 4 faizi Trampa səs verəcəyini söyləyib. Respondentlərin 3 faizi Jill Steina, 2 faizi də Gary Consona səs verməyə hazırlaşır.
Rəyi soruşulanların 91 faizi müsəlmanları ölkəyə buraxmamaq barədə Trampın təklifini yanlış sayır. Respondentlərin 85 faizi islamofobiyanın artdığını düşünür. Onların 30 faizi isə ötən il ayrıseçkiliyin qurbanı olduğunu bildirib.
Respublikaçılar Partiyasının müsəlmanlara mənfi yanaşdığını düşünən respondentlərin nisbəti 62 faizə yüksəlib. 2012-ci ildəki sorğuda bu nisbətin 51 faiz olduğu üzə çıxmışdı. Müsəlman respondentlərin 6 faizi Respublikaçılar Partiyasının tərəfdarıdır. Əvvəlki seçkilərdə (2008 və 2012-ci illərdə) bu göstərici 8 və 9 faiz olub.
CAIR rəsmisi Robert Makkoyun sözlərinə görə, Respublikaçılar Partiyasını dəstəkləyən müsəlmanlar öz vətəndaş hüquqları yox, daha çox iqtisadi maraqları barədə düşünürlər: “Respublikaçı müsəlmanların hələ də partiyanın yanında olmasının səbəbi partiyanın iqtisadi platformasının onların maraqlarına cavab verməsidir".
Amerika müsəlmanlarını təlaşlandıran başlıca problemlər vətəndaş hüquqları, təhsil, iş yerləri və iqtisadiyyat, şagirdlərin hücumlardan qorunması, Trampın təklif etdiyi ölkəyə giriş qadağası, terrorizm və milli təhlükəsizlikdir.
“Sorğumuzun nəticələri onu göstərir ki, Amerikanın müsəlman seçicilərini razı salmağa namizədlərin vaxtı var. Vətəndaş hüquqlarının aşınması və artmaqda olan islamofobiya kimi problemlərə toxunmaqla, onlar bunu edə bilərlər", - Robert Makkoy deyib.