Bölgədəki döyüş gəmilərinə hücumdan sonra ABŞ-ın Yəməndə üsyançı husilərin hədəflərini vurması İranı hərəkətə gətirib. Baki-xeber.com xəbər verir ki, olaydan dərhal sonra İran bölgəyə iki hərbi gəmi göndərib.
Qeyd edək ki, ABŞ donanması, husilərin ABŞ gəmisi “USS Mason”un vurulmasında istifadə etdiyi radar bazalarına raket zərbələri endirib. ABŞ prezidenti Barak Obamanın göstərişi ilə reallaşan bu hücum ABŞ-ın husiləri birbaşa hədəf aldığı ilk hücumdur.
“Middle East Eye”ın xəbərinə görə, ABŞ Müdafiə Nazirliyi məhdud hücumların bölgədəki gəmilərin təhlükəsizliyini qorumaq məqsədi daşıdığını bəyan edib: “ABŞ gəmilərinə qarşı bütün təhdidlərə cavab verəcək”.
İranın yarı rəsmi xəbər agentliyi “Tasnim” iki döyüş gəmisinin Ədən Körfəzinə göndərildiyini açıqlayıb. Agentliyə görə, İran, ABŞ-ın husilərin nəzarətindəki bölgələrə gəmilərdən raket zərbələri endirdiyi Yəmən sularında hərbi gücünü artırmaq istəyir.
Məlumata görə, İranın “Alvand” və “Buşehr” adlı iki gəmisi Ədən Körfəzindəki ticarət gəmilərini qorumaq üçün bölgəyə göndərilib. “Alvand”ın “destroyer” (sürətli döyüş gəmisi), “Buşehr”in isə dəstək gəmisi olduğu bildirilir.
“Tasnim” İran gəmilərinin dünyanın ən əhəmiyyətli dəniz nəqliyyat yollarından biri olan Yəmənin cənubundakı Ədən Körfəzində patrul vəzifəsini boynuna götürəcəyini yazır.
TAHİR