İsrailin energetika naziri Yuval Steynits 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbula gəlib. Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata görə, bu, 6 ildən sonra İsraildən nazirlər səviyyəsində Türkiyəyə ilk rəsmi səfərdir.
Y.Steynits İstanbulda keçirdiyi mətbuat konfransında deyib ki, enerji sahəsində əməkdaşlıq üçün Türkiyə ilə İsrail arasında danışıqlar aparılır (APA). O, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən nazir Y. Steinitz B. Albayrakla çox yaxşı müzakirələr apardıqlarını söyləyib: “Biz enerji məsələlərini və xüsusilə İsraildən Türkiyəyə təbii qaz boru kəmərinin çəkilməsi ilə bağlı məsələləri müzakirə etdik. İsrail təbii qazını İordaniyaya satmaq üçün müqaviləmiz var, Misirə satış üçün danışıqlar gedir. Türkiyə variantı bizim üçün çox önəmlidir. Ona görə də biz nazirliklərimizin enerji departamentləri arasında yubanmadan dialoq başlamasını qərarlaşdırdıq”.
İsrailin təbii qaz ehtiyatları barədə məlumat verən Y. Steinitz noyabrda açacaqları yeni yataqlar da daxil olmaqla, ümumi ehtiyatın təxminən 2,2 trilyon kubmetr olduğunu bildirib. Türk firmalarının İsrailə sərmayə qoymasına isti yanaşdıqlarını deyən İsrailin enerji naziri, ölkəsinin şirkətlərinin Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırmasının iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirəcəyini vurğulayıb. O, qarşılıqlı məsləhətləşmələrdən sonra Türkiyənin Fələstinə və xüsusilə Qəzzaya yardım aparmasına dəstək verəcəklərini əlavə edib.
Mətbuat konfransında jurnalistlərin sual verməsi məqsədəuyğun sayılmayıb.