ABŞ-ın Federal Tədqiqat Bürosu rəsmi e-mail-ləri rusların açıb-açmadığını araşdırır. ABŞ rəsmilərinin elektron poçtlarının yarılması və bəzi məktubların ictimaiyyətə sızması ilə bağlı məlumat keçən həftə yayılmışdı. İndi hökumət bunun arxasında rusların dayanıb-dayanmadığını öyrənir.
Bu barədə Demokratların namizədi Hillari Klintonun təbliğat-təşviqat ofisindən məlumat veriblər. Ofisin rəhbəri Con Podesta deyib ki, o, elektron məktublarından bəzilərinin «Wikileaks» tərəfindən nəşr olunduğunu biləndə, Federal Tədqiqat Bürosu ilə əlaqə saxlayıb, məlum olub ki, təşkilat bu məsələ ilə məşğul olur.
Bir az əvvəl Ağ Ev rəsmi sənədlərə müdaxilənin arxasında rus hakerlərinin dayandığını təsdiqləmiş, prezident Barak Obamanın bu məsələ ilə bağlı uyğun cavab verilməsi üçün variantları gözdən keçirdiyini bildirmişdi.
ABŞ rəsmilərinin iddiasına görə, rus hakerlər sənədlərə müdaxilə edərək, ölkədə noyabrın 8-də keçiriləcək prezident seçkisinin nəticələrini dəyişməyə çalışırlar.
Rusiyanın ABŞ-dakı səfiri bəyanat verərək, ölkəsinə qarşı ittihamları rədd edib.