ABŞ prezidentliyinə namizəd Hillari Klinton Azərbaycanla sıx münasibətlərin qurulmasında şübhəsiz ki, daha səmərəli olardı.
Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, H.Klinton Cənubi Qafqazda ABŞ və alyans ölkələrinin maraqlarını daha yaxşı irəli apara bilər: "Klinton regionun strateji mənzərəsi haqqında tam biliklərə malikdir".
M.Brayza narahatlığını bildirib ki, Donald Trampın mümkün prezidentliyi nəinki Cənubi Qafqazda, həm də bir çox digər bölgələrdə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.
ABŞ prezidentliyinə namizəd Hillari Klinton beynəlxalq siyasətdə, xüsusilə Xəzər regionunda böyük təcrübəyə malikdir. Bunu isə "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun sədri Matias Dornfelt deyib.
Onun sözlərinə görə, Klintonun siyasətdə daha çox təcrübəsi var, çünki o, birinci xanım, eləcə də 2009-2013-cu illərdə dövlət katibi olub: "Lakin Donald Trampın siyasətinin istiqamətini qabaqcadan söyləmək kifayət qədər çətindir. O, Cənubi Qafqazla bağlı hər şeydən uzaqdır".