ABŞ-da prezidentliyə namizəd Donald Tramp bir daha vurğulayıb ki, əcnəbiləri Birləşmiş Ştatlara buraxmamaq lazımdır.
O, bir neçə həftə öncə eyham vurmuşdu ki, anti-immiqrasiya planlarını yumşalda bilər. Tramp avqustun 31-də danışıb. Deyib ki, ABŞ-a qanunsuz girmiş şəxsləri öz ölkələrinə qaytarmaqdan ötrü “deportasiya işçi qüvvəsi” yaradacaq, Suriya və Liviya kimi ölkələrdən gələnlərə viza verməyəcək. Hər iki müsəlman ölkəsində İslam Dövləti (İŞİD) qruplaşması ilə mübarizə gedir.
“Dünyaya mesajımız bu olacaq: ölkəmizə qanunsuz girməklə hüquqi status ala, yaxud ABŞ vətəndaşı ola bilməyəcəksiz. Qaçaq yolla ölkəyə girərək gizlənib, sonra da leqallaşdırılmanızı gözləməməlisiniz. O günlər bitdi”.
Tramp onu da əlavə edib ki, ABŞ-Meksika sərhədində divar ucaltmaq vədinə əməl edəcək və Meksikanı bunu maliyyələşdirməyə məcbur edəcək.
Elə həmin gün Meksika prezidenti Enrique Pena Nieto bildirib ki, Mexiko şəhərinə qısa səfər edən Trampa belə bir layihəyə heç vaxt maliyyə ayrılmayacağını bildirib.