Ekspert: “Türkiyənin Hələbə gedən yolu Mənbicin azad edilməsindən keçir”
Türkiyə Silahlı Qüvvələri (SQ) "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində Suriyanın Mənbic şəhərinə yaxınlaşıb. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə SQ Mənbicin 11 kilometr şimalında dislokasiya olunub.
Şəhərdən "Demokratik İttifaq" (PYD) silahlılarının geri çəkilməsi gözlənilir.
Trend-ə açəqlama verən Yaxın Şərq üzrə türkiyəli ekspert, TGRT telekanalının "Neler Oluyor" siyasi-icmal proqramının müəllifi Batuhan Yaşar isə deyib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməklə strateji baxımdan vacib olan Hələb şəhərinə yolu açmaq niyyətindədir.
Onun sözlərinə görə, heç kəs Ankaranın Suriyada "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində qısa müddət ərzində belə nəzərəçarpacaq uğurlar qazanacağını gözləmirdi. Ekspert qeyd edib ki, hərbi əməliyyat nəticəsində Ankara regionda vacib oyunçu rolunu qazandı.