"Hazırda yeni “soyuq müharibə” üçün zəmin yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələrlə görüşdə deyib. Nazir qeyd edib ki, indiki dövrlə “soyuq müharibə” dövrünü müqayisə etmək çox çətindir: "Onlar bir-birindən ciddi şəkildə fərqlənir. Mən "soyuq müharibə"nin ikinci nəşrinin reallaşması üçün zəmin görmürəm".
S. Lavrovun fikrincə, bu gün Rusiya və Qərb arasında “soyuq müharibə” dövrü üçün xarakterik olan ideoloji fikir ayrılığı mövcud deyil: "Cəmiyyətin demokratik inkişafını ozündə əks etdirən ATƏT və BMT çərçivəsində bölüşdüyümüz ümumi prinsiplərimiz var".
Lavrov Qərbin nəyə görə Krımı Rusiyanın tərkib hissəsi kimi tanımadığına da aydınlıq gətirib. Rusiya XİN başçısı bildirib ki, Qərbin Krımın Rusiyaya birləşdirilməsini tanıması ilə bağlı heç bir hüquqi problem yoxdur, lakin o bundan öz siyasi məqsədləri üçün istifadə edir.
“Bu vəziyyətdən istifadə etmək üçün siyasi iradə yoxdur, siyasi istək var, hansı ki, bu xətt ABŞ-ın rəhbərliyi ilə Ukrayna böhranına qədər də aparılıb. Bu xətt Rusiyanı kənar saxlamaqdır. Qərbli həmkarlarımızın nöqteyi-nəzərindən Rusiya həddindən çox müstəqillik qazanıb. Onlar hələ anlamayıblar ki, bu hər hansı konyuktur deyil, mövcudluğumuzun bir hissəsidir", - deyə o qeyd edib.