Türkiyənin “Sözcü” qəzetinin siyasi icmalçısı Can Ataklan Rusiya prezidenti Vladimir Putinin Türkiyə Cumhurbaşkanı Ərdoğan qarşısında 7 şərt irəli sürdüyünü bildirib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki. bu barədə məlumatı Kremldəki analitiklərin birindən əldə edib. İcmalçının dediyinə görə, birinci şərt Əsədin qəbul olunmasıdır. Guya Putin Türkiyənin Suriya siyasətini “əvvəlindən yanlış” adlandırıb və deyib ki, biz Əsədi dəstəkləyirik, siz də dəstəkləməlisiniz.
İkinci şərt Qarabağla bağlıdır. Can Ataklanın sözlərinə görə, Putin deyib ki, Qarabağ məsələsi bizim üçün önəmlidir. Azərbaycana görə bu problem sizə də önəmlidir, lakin bu məsələyə təmkinlə yanaşmalısız. Bilin ki, bizə qarşı mövqe tutmaqla siz yalnız onun həllini uzadarsız. İcmalçının sözlərinə görə, Putinin üçüncü şərti Krım və Qafqazla bağlı olub və o, Türkiyənin bu məsələlərdən uzaq durmasını istəyib. Bildirib ki, hər iki bölgədə Türkiyə Rusiyaya qarşı olanları dəstəkləyir ki, bu da münasibətləri yenidən gərginləşdirmək iqtidarındadır.
Putinin dördüncü şərti daha kəskin qoyulur: Türkiyə 4 Avrasiya İttifaqı ölkəsindən əlini çəkməlidir – Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan. Xəbərə görə, o deyib ki, Türkiyədən olan casuslar bu ölkələrlə Rusiya arasında ədavət toxumu səpir və Moskva buna göz yummayacaq.
Beşinci şərt isə kürdlərlə bağlıdır. Belə ki, guya Putin deyib ki, Suriyada PYD-nin mövcudluğu onlara çox lazımdır və regionda əsas təhlükə İŞİD olduğu halda Türkiyənin PYD üzərində fokslanması onları məyus edir.
Altıncı şərt kimi Türkiyənin qaşısına sərhədlərini terrorçulara bağlamaq tələbi qoyulub. Xəbərə görə, Putin deyib ki, Türkiyə sərhədlərinin terrorçuların üzünə açıq olması Rusiyanın maraqlarına ziddir.
Sonuncu – yeddinci şərt isə türk nazirlərin bəzi açıqlamaları ilə bağlı olub. Xəbərə görə, Rusiya prezidenti deyib ki, məlum təyyarə olayından sonra bir sıra türkiyəli nazirlər elə kəskin açıqlamalar veriblər ki, onları unutmaq çətindir. O deyib ki, bundan sonra verilən açıqlamalara daha korrekt yanaşılsın.
Türkiyə Prezidentinin sözügedən şərtlərə hansı qarşılıq verdiyi barədə bir söz deyilmir.