Türkiyəli prokuror Yunanıstana qaçaraq bu ölkədən siyasi sığınacaq istəyib.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, bu barədə qaçaq prokurorun üz tutduğu Xios adasının informasiya resursu astraparis.gr saytı xəbər yayıb. Saytın xəbərinə görə, prokuror adaya çərşənbə axşamı səhər saat 06:00 radələrində ayaq basıb və dərhal da sığınacaq üçün müraciət edib. Lakin saat 14:00 radələrində məhkəməyə cəlb edilərək barəsində qanunsuz sərhədi keçmə maddəsilə cinayət işi açılıb. Prokuror 3 günlük müddətə etiraz edərək, dərhal barəsində məhkəmənin başlanmasını tələb edib. Hakimin suallarınıcavablandıran prokuror deyib ki, hərbi çevriliş cəhdinin ardından həbs olunmaqdan ehtiyat edərək gizlənib, hətta ailəsilə belə görüşməyib. O deyib ki, əslində yaşıl pasportu var və ölkəyə vizasız gələ bilərdi, lakin bundan istifadə etməyərək bir qaçaqmalçıya pul verib, qaçaqmalçı isə onu 6 nəfər Suriya qaçqını ilə bir qayığa mindirərək Xios adasına gətirib.
Nəticədə Yunan məhkəməsi türkiyəli prokuror barəsində 1 aylıq həbs qərarı çıxarıb.
Xatırladaq ki, çevriliş olayları zamanı bir helikopterlə 8 türk hərbçisi də Yunanıstana üz tutmuşdu. Sonradan helikopter Türkiyəyə qaytarılsa da, hərbçilər sərhədi qanunsuz keçmə maddəsilə məhkəmə qarşısında durmalı oldular.