11 illik hakimiyyətilə “seçicilərini əməlli-başlı yoran” Almaniya kansleri Angela Merkelin karyerasının sonuna gəldiyi barədə xəbərlər dolaşır.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu gün artıq hər iki almandan biri onun növbəti dönəmdə hökumətdə təmsil olunmasına qarşı çıxır. Deyilənləri ötən şənbə Emnid təşkilatının “Bild am Sonntag” nəşrində dərc olunan sorğu nəticələri də təsdiqləyir. Belə ki, göstərilən sorğuda 42 nəfər Merkelin 2017-ci il seçkilərində yenidən seçilməsini, 48 nəfər isə əksini ifadə edib. Almaniyada seçkilər 2017-i ilin yazında keçiriləcək və qaydalara görə, Merkel seçkilərə qatılmağa qərar verərsə, bu barədə qabaqcadan xəbər verməlidir. Populyarlığının getdikcə azalması isə onu fakt qarşısında qoyub. Üstəlik, ölkəyə miqrant axını da onun bu qərarını açıqlamasını arxa plana atıb.
Xatırladaq ki, hələ may ayında KİV Merkelin blokunun reytinqinin 2012-ci il səviyyəsinə endiyini açıqlamışdı. 7 may tarixində Berlində kanslerin miqrant siyasətinə etiraz məqsədilə keçirilən mitinqdə isə aksiya iştirakçıları onun istefasını tələb edib.