Türkiyədə çevriliş cəhdindən sonra Fətullah Gülən tərəfdarları Misirdə toplaşmağa başlayıb. Onların Qahirəni bölgə qərargahı kimi istifadə edəcəyi iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, FETÖ-nun Ərəb ölkələrində fəaliyyət göstərən yüksək səviyyəli nümayəndələri Misirdə gizli yığıncaq keçirib və yığıncaqda Qahirənin bölgədə mərkəzi qərargahı kimi istifadə edilməsi barədə qərar qəbul ediblər.
Bundan başqa Türkiyədəki çevriliş cəhdini dəstəkləyən Misir televiziyaları onların Türkiyə əleyhinə açıqlamalarına da geniş yer verir, Gülənin Misirə sığına biləcəyilə bağlı fikirlər səsləndirilir.
"Milliyət” qəzeti isə yazır ki, Türkiyənin israrla ABŞ-dan qaytarmasını tələb etdiyi Fəthullah Gülənin sığınacaqla bağlı Misirə hər hansı bir müraciət etmədiyi açıqlanıb. Misirli deputatlardan birinin qaldırdığı Gülənə sığınacaq verilməsi məsələsinə Misir baş nazir də münasibət bildirib. Baş naziri Şərif İsmayıl Gülən sığınacaqla bağlı müraciət edərsə buna baxıla biləcəyini deyib.
Qeyd edək ki, Türkiyə ədliyyə naziri Bəkir Bozdağ, Gülənin ABŞ-dan qaçaraq başqa bir ölkəyə getməyi planlaşdırdığı barədə kəşfiyyat məlumatları aldıqlarını açıqlayıb. Bozdağ Gülənin ABŞ-dan Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və ya Misirə qaça biləcəyini deyib.
Onu da qeyd edək ki, Fətullahçıların Misirdəki fəaliyyətləri 1990-cı illərin ortalarından etibarən artmağa başlayıb. Qahirədə Türkiyədən və Orta Asiya türk respublikalarından gələn tələbələrin qaldığı 4 yataqxanası fəaliyyət göstərir.
Fətullahçılara yaxınlığı ilə bilinən və ərəbcə "Hira” jurnalı da Qahirədə nəşr olunur və Misirdəki yayımçı şirkətlər vasitəsilə digər ərəb ölkələrinə paylanır. Qahirədə onların bir dil kursu və Nil adında bir kitab evi də var.
Bundan başqa Qahirə, İsgəndəriyyə və Süveyşdə ingiliscə təhsil verən və məzunlara ABŞ diplomu verən 3 xüsusi məktəb dən başqa, Zemalik bölgəsində də bir mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Xatırladaq ki, Ankara rəhbərliyi 15 iyul çevriliş cəhdindən sonra Gülən haqqında dosya hazırlayır və avqust ayı ərzində xarici işlər və ədliyyə nazirləri Vaşinqtona gedərək həmkarları ilə ekstradisiya məsələsini müzakirə edəcəklər.