Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələləri müzakirə edəcəklər. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və Türkiyənin birgə enerji layihələrinin müzakirə edilməsi gözlənilir. Tərəflər Ankara və Moskva arasında əlaqələrin gələcək inkişaf yollarını da müzakirə edəcəklər".
"Milliyət" qəzeti isə yazır ki, Ərdoğan Putini avqustun 31-də iki ölkənin yığma komandaları arasında baş tutacaq futbol matçına dəvət edəcək. Qeyd edilir ki, Ərdoğan Putinə futbol matçına birgə baxmaq üçün dəvət göndərəcək.