İyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra ölkənin güc strukturlarında islahatlara başlanılıb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Baş naziri Binəli Yıldırımın bəyanatına istinadən xəbər verib.
Baş nazirin sözlərinə görə, artıq ölkənin jandarma və sahil qüvvələri Daxili İşlər Nazirliyinə tabe olacaq.
Binəli Yıldırım bəyan edib ki, İstanbulun Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə adlandırılacaq.
Baş nazir bildirib ki, çevriliş cəhdlərinin qurbanlarının xatirəsini əbədiləşdirmək qərara alınıb. Boğaziçi körpüsü iyulun 15-i şəhidlərinin xatirəsinə adlandırmaq qərara alınıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.