ABŞ dövlət katibi Con Kerri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı açıqlama verib.
Baki-xeber.com "Reuters”ə istinadən xəbər verir ki, Kerri Lüksemburq səfəri zamanı jurnalistlərə açıqlamasında, Gülənin Türkiyəyə ekstradisiya edilməsinə dair hər hansı bir rəsmi tələb almadıqlarını deyib.
Çevriliş cəhdinin istintaqı ilə bağlı ABŞ-ın Türkiyəyə kömək etməyə hazır olduğunu deyən Kerri, Türkiyə hökumətindən qanuni dəlillərin onlara təqdim edilməsini istədiklərini bildirib: "Gözləyirik ki, cənab Gülən haqda bizə suallar veriləcək. Və əlbəttə ki, Türkiyə hökumətindən həmişə etdiyimiz kimi bizə ittihamların təsdiqi olaraq tutarlı sübut təqdim etməsini xahiş edəcəyik. Birləşmiş Ştatlar onları qəbul edəcək, araşdıracaq və münasib qərar verəcək".
Qeyd edək ki, bundan əvvəl Türkiyə baş naziri Binali Yıldırım Fəthullah Gülənlə əlaqədar bildirmişdi: "Yaşanan son hadisədən sonra bu adamın, bu şəbəkə liderinin, bu terror təşkilatı başının arxasında dayanacaq ölkə görə bilmirəm. Bunun arxasında dayanacaq ölkə dost deyil, Türkiyəyə qarşı düşmən mövqedədir”.