Fransanın Nice şəhərində baş vermiş terror hücumun ardından İtaliya, Fransa sərhədində təhlükəsizlik tədbirlərini artırmağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, iddialara görə, buna səbəb Fransada 84 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı terror hücumunda iştirak etdiyi bildirilən bir nəfərin İtaliyaya qaçmasıdır. İtaliya sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
Daxili İşlər Nazirliyi, Fransa-İtaliya arasındakı 3 keçiddə nəzarətin artırıldığını açıqlayıb. İki ölkə arasındakı dəmiryolu xəttində də təhlükəsizlik tədbirləri artırılıb.
İtaliya mətbuatında Fransa polisinin Nice hücumunda iştirak etdiyi təxmin edilən bir və ya bir neçə nəfərin İtaliya sərhədinə doğru qaçdığından şübhələndiyini bildirir. "Ansa” xəbər agentliyinə açıqlama verən İtaliya təhlükəsizlik əməkdaşı bildirib ki, "qaçaqların İtaliyaya doğru yönəldiyi barədə məlumat almışıq. Ancaq hələlik əlimizdə konkret məlumat yoxdur".
Müdafiə naziri Roberta Pinotti də İtaliya terror risqinin yüksək olduğunu və buna görə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyib.
İtaliya daxili işlər naziri Angelino Alfano isə Terrorla Mübarizə Strateji Analiz Komitəsinin fövqəladə yığıncağını çağırıb. Baş nazir Matteo Renzi də kəşfiyyat xidməti rəhbərlərilə bir araya gəlib.
Fransa mətbuatında isə terrorçularla bağlı ziddiyyətli xəbərlər yayılır. Belə ki, terror aktını törədən şəxsin Mohamed Lahouaiej Bouhlel olduğunu iddia edilir. "Nice-Matin” qəzetinə görə, 19 tonluq maşını idarə edən 31 yaşlı terrorçu Tunisdə doğulub. Digər tərəfdən Fransız mediası, hücumda istifadə edilən yük maşınının hücumdan bir gün əvvəl icarəyə götürüldüyünü yazır. Fransa mediasında yer almış digər məlumata görə, yük maşınında başqa bir şıxsin də şəxsiyyət vəsiqəsi aşkarlanıb.