Fransanın Nitsa şəhərində terror aktı törədilib. Bu barədə baki-xeber.com TASS-a istinadən xəbər verir. Xəbərə görə, Nitsa şəhərində terror yük avtomobilini insanların üzərinə sürməklə həyata keçirilib. Belə ki, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. Nəticədə 84 nəfər ölüb, 120 nəfər yaralanıb. Sürücü polis tərəfindən güllələnib.
Hadisə şahidləri sürücünün daha çox insanı məhv etmək məqsədilə maşını ziqzaqvari hərəkətlə idarə etdiyini deyib. Naməlum şəxs(lər)in daha sonra avtomobildən enərək insanlara atəş açdığı bildirilir.
Fransız təhqiqatçıları müəyyən ediblər ki, Nitsada 84 dinc sakini "tapdalayaraq” həyatından edən refrijerator sürücüsü terrorçular siyahısında olmayıb. O, Tunis əsilli, ikili Fransa-Mərakeş vətəndaşlığı daşıyan 31 yaşlı şəxsdir. Onun şəxsiyyətini idarə etdiyi maşının kabinəsində tapılan sənədlər əsasında müəyyən etmək mümkün olub.
Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Fransa polisinin terrorçunun evində axtarış apararkən bir nəfəri saxladığı da bildirilir.
Fransa prezidenti Fransua Olland Nitsa şəhərində baş verən hadisələrlə əlaqədar təcili olaraq Parisə qayıdıb. Sonra isə Fransa Prezidenti və Baş nazir Manuel Vals Nitsaya gəliblər. Təhlükəsizlik düşüncələrinə görə, Prezident və Baş nazir Parisdən Nitsaya iki ayrı təyyarədə yollanıblar.
Olland Nitsada xəsarət alanların təqribən 50-sinin həyatı üçün təhlükə olduğunu deyib.
O da məlum olub ki, Fransa əks-kəşfiyyatı terror hücumu barədə əvvəlcədən xəbərdarlıq edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Patrik Kalvar mayda Fransada nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün terror hücumu barədə xəbərdarlıq etmişdi.
Terror aktından sonra Fransada üçgünlük matəm elan edilib.
Nitsada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.