Suriya lideri Bəşər Əsəd deyib ki, nə Rusiya prezidenti, nə də ki, xarici işlər naziri onun vəzifədən getməsini müzakirə etməyiblər.
"Onlar bu barədə bir dəfə də olsun söz açmaylblar”, - deyə Bəşər Əsəd Amerikanın NBC kanalına müsahibəsində bildirib.
Müsahibədən əvvəl yayılan məlumatlarda deyilir ki, Kerri ilə Putinin qarşıdan gələn görüşündə Suriya liderinin istefasını nəzərdə tutan sövdələşmə müzakirə olunmalıdır.
Bu iddialara münasibət bildirən Suriya lideri deyib ki, Rusiya siyasəti sövdələşmə yox, dəyərlər üzərində qurulur və buna görə də o mümkün razılaşmadan narahat deyil.
Əsəd Rusiya ilə Suriya arasında münasibətləri "şəffaf və dürüst” kimi dəyərləndirib. O, Rusiya prezidentilə müntəzəm əlaqədə olduğunu qeyd edib.
Qərb ölkələri Suriyada hakimiyyətin dəyişdiyini görmək istəyirlər. ABŞ və onun müttəfiqləri hesab edirlər ki, Əsədin vəzifədən getməsi sülh və sabitləşməyə yol aça bilər.
Kreml Suriya münaqişəsində hökuməti dəstəkləyir.