İŞİD terror təşkilatı ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib.
Baki-xeber.com xəbər verir ki, bu barədə terror təşkilatının orqanı sayılan "Amag” agentliyi məlumat yayıb. Şişaninin İraqın Mosul şəhərindən cənuba doğru yerləşən Şirqat qəsəbəsi yaxınlığında atışma zamanı məhv edildiyi bildirilir
ABŞ nüfuzlu komandirin mart ayında öldürüldüyünü bildirmişdi. Pentaqonun məlumatına əsasən İŞİD komandiri Suriyanın şimal-şərqində həyata keçirilən ABŞ hava zərbəsi nəticəsində aldığı yaralardan həlak olub. Həmin vaxt İŞİD bu məlumatları təkzib etsə də, sağ qalmasına sübut da göstərməmişdi.
İraq hökumətinin silahlı islamçı qruplarla bağlı məsləhətçisi Hişam əl-Haşimi deyir ki, Şişani Rusiyanın əsasən müsəlmanların yaşadığı Şimali Qafqaz ərazisindən və Mərkəzi Asiyadan döyüşçülərin cəlb olunmasında əsas qüvvə idi. O deyir ki, Şişani mart ayında yaralandıqdan sonra İslam Dövlətinin Bağdadın şimalındakı istinadgahı olan Şirqat şəhərində, xəstəxanada müalicə olunub.
Onun sözlərinə görə, Şişani bu həftənin əvvəlində köməkçisilə birlikdə, Şirqata yaxın kənddə hava hücumu nəticəsində öldürülüb.
İŞİD-in "müharibə naziri” sayılan Şişaninin vətəni Gürcüstanın Pankisi dərəsidir. Şişani 2007-ci ildə Gürcüstan ordusunda hərbi qulluğa başlayıb, 2008-ci ildə isə o, Rusiyaya qarşı müharibədə iştirak edib. Çeçenistanda Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi üçün ona "Çeçen Ömər” ləqəbi verilib. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.
Onun Əbu Bəkr əl-Bağdadinin yaxın müşaviri olduğu bildirilirdi. İddia edilir ki, Şişani qruplaşmada "müharibə naziri” daxil olmaqla bir sıra aparıcı hərbi vəzifələrə sahib olub.
Ötən il ABŞ Ömər Şişanin başına 5 milyon dollar mükafat qoymuşdu.