Böyük Britaniyanın baş naziri Devid Kemeron iyulun 13-də kraliça II Yelizaveta ilə görüşüb və ona rəsmi istefa ərizəsini təqdim edib. O həmçinin mühafizəkarların yeni lideri Tereza Mayın bu vəzifəyə təyin edilməsini məsləhət görüb.
Baki-xeber.com xəbər verir ki, Kemerondan sonra İngiltərənin yeni baş naziri Tereza May artıq rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Birləşmiş Krallığın 76-cı baş naziri 59 yaşlı May, kraliçanın rəsmi iqamətgahı Bukinqem Sarayına gedib və onunla görüşü təxminən 30 dəqiqə çəkib. May artıq yeni hökuməti qurmaqla görəvləndirilib
İngiltərə kraliçası II Yelizavetanın taxta çıxdığı 1952-ci ildən bu yana 13-cü baş nazir olan Mühafizəkar Partiyalı Tereza May, Marqaret Tetçerdən sonra ölkənin 2-ci qadın baş naziri oldu.
Onu da qeyd edək ki, Devid Kemeron iyulun 12-də baş nazir kimi kabinetin son iclasını keçirib. O iyunun 23-də ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonra istefa verəcəyini bəyan eləmişdi. Kemeron ölkəsinin Avropa Birliyində qalmasını istəyirdi.