Rusiyanın məxfi kəşfiyyat xidməti olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) (keçmiş KQB) 50 məzunu davranışlarına görə istintaqa cəlb olunublar.
Baki-xeber.com xəbər verir ki, məzunlar Moskvanın küçələrindən bahalı maşın karvanı ilə keçib və görüntüləri internetdə yayıblar. Fotolarda onların üzü çox aydın görünür, bəzi hallarda isə tam adları ilə...
Federal Təhlükəsizlik Xidmətinin istefada olan general-mayoru Aleksandr Mixaylov bunu vətənə xəyanət adlandırıb: "Bu dövlətə xəyanətdir. Bu uşaqların harada xidmət edəcəklərini heç kim bilmir, bu materialları necə yaya bilərsiz”, deyə o vurğulayıb.
Yeni məzunların Moskvada hər birinin dəyəri 7 milyon rubl olan 30-a yaxın "Mercedes” cip karvanının videolarını sosial şəbəkədə yaymaları geniş rezonans doğurub və onların cəzalandırılması tələb edilir.
"Komsomolskaya Pravda” qəzeti isə yazır: "Bunlar cinayətkar təşkilatın üzvləri deyil. Sonradan aydın oldu ki bunlar FSB akademiyasını bitirib, təşkilata girməyə hazırlaşan və müxtəlif cəbhələrə göndəriləcək kəşfiyyatçılardır... Daha da maraqlısı 22 yaşındakı gənc zabitlərin bu avtomobillər üçün pulu haradan almasıdır. Zəngin ailələrimi var? Varsa onların uşaqları FSB-də nə edir? Dövlətin daxili düşmənləri ilə mübarizə aparacaq döyüşçülər Moskvada bahalı bir ev qiymətindəki avtomobillərlə nə edir?".