Ukraynaya silah tədarük edən Avropadakı müdafiə zavodunda bir həftə ərzində ikinci dəfə yanğın baş verib. Bildirilir ki, yanğın 16 sentyabrda Slovakiyanın Snina şəhərindəki ZVS Holding istehsal sahəsində baş verib. Yanğın barədə ilk dəfə Facebook-dakı Dianie v Snine qrupu məlumat verib. Şəhər hakimiyyəti tezliklə sakinləri yanğından uzaq durmağa və yanğın davam edərkən açıq havada vaxtlarını məhdudlaşdırmağa çağırıb.
ZVS Holdinqin də daxil olduğu CSG Holdinqin mətbuat katibi Andrey Çirtek Novinki bildirib ki, yanğın binanın damında üçüncü tərəf podratçı tərəfindən aparılan təmir işləri zamanı başlayıb. Bütün işçilər təxliyə edilib və heç kim xəsarət almayıb. Yanğın təxminən iki saat ərzində lokallaşdırılıb. "Hadisə səbəbindən zədələnmiş obyektdə istehsal müvəqqəti olaraq dayandırılıb. Zərərin dərəcəsi və yanğının səbəbi qiymətləndiriləcək və müəyyən ediləcək", - Çirtek deyib. O əlavə edib ki, şirkət istintaq başa çatana qədər hadisənin şərtləri barədə əlavə şərh verməyəcək.
ZVS Holding, milyarder Mixal Strnadın sahib olduğu Çex sənaye holdinqi olan Çexoslovakiya Qrupunun (CSG) bir hissəsi olan MSM Qrupunun bir bölməsidir. ZVS Holding tanklar, artilleriya və raket sistemləri üçün böyük və orta kalibrli sursatlar, eləcə də minaatan mərmiləri və sursat komponentləri istehsal edir. Şirkətin Slovakiyanın şərqindəki Snina şəhərindəki müəssisəsi 155 mm-lik artilleriya sursatları da daxil olmaqla, mərmi gövdələrinin istehsalında ixtisaslaşıb. Şirkətin məhsulları Ukrayna Silahlı Qüvvələrinə də tədarük olunur.
Tahir TAĞIYEV