Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə Liberiya bayrağı altında üzən "Gas Lisbon" propan tankeri vurulub.
Məlumata görə, propanla yüklənmiş gəminin göyərtəsində güclü partlayış baş verib. Gəmidə güclü yanğın başlayıb. Ərazidəki bütün gəmilərə təhlükəsizliyi təmin etmək üçün xəbərdarlıq edilib və təhlükəli zonadan uzaq durmaları istənib.
Mənbələr Sfantu Gheorghe şəhəri sahilindən 26 kilometr aralıda dayanan tankerin çox güman ki, dəniz pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qaldığını bildirir. Pilotsuz təyyarənin mənşəyi hələlik məlum deyil.
Rumıniya prezidenti Nikusor Dan gəminin İsgəndəriyyə (Misir) limanından yola düşdüyünü və Ukraynanın Reni limanına getdiyini bildirib.
Hadisədən qısa müddət sonra Rumıniya Dənizdə İnsan Həyatının Təhlükəsizliyi Agentliyinin iki gəmisi hadisə yerinə gələrək üç yaralı heyət üzvü də daxil olmaqla bütün heyət üzvlərini təxliyə edib. Prezidentin sözlərinə görə, onların hamısı təhlükəsiz şəkildə sahilə çıxarılıb.
Den əlavə edib ki, əraziyə göndərilən yedək gəmisi gəmilərin təhlükəsizliyi üçün əlavə risk yaratmamasını təmin etmək üçün onu izləyir.
"Dövlət orqanları yüksək hazırlıq vəziyyətindədir və çox güman ki, Rusiya Federasiyasının Ukraynaya qarşı qanunsuz təcavüz müharibəsinin bir hissəsi olan bu ciddi hadisənin səbəblərini, eləcə də kimin məsuliyyət daşıdığını müəyyən edir" – deyə o, vurğulayıb.
Tahir TAĞIYEV